Banklar köhnə səhvlərini təkrarlayırlar | TƏHLİL

// Mərkəzi Bankın yeni rəhbərliyinin islahatlarına böyük ümid var

   Banklar köhnə səhvlərini təkrarlayırlar    | TƏHLİL
  02 İyun 2022    Oxunub:2455
Ölkədə bank sektoru həm maliyyə imkanlarının yaxşılaşması, həm də əhalinin inamının artması baxımından 4-5 il əvvəlki vəziyyətdə deyil. Bunu kreditlər üzrə təklif və əmanət qoyuluşu səviyyəsi də sübut edir. Cari ilin aprelin 1-nə 17528.2 milyon manat kredit, 10372.0 milyon manat həcmində isə əhali tərəfindən əmanət qoyuluşu qeydə alınıb. Digər rəqəmlər üzrə misal gətirmək mümkün olsa da, buna lüzum görmürəm. Bütün göstəricilər üzrə müsbət dinamika müşahidə olunmaqdadır.
Əlbəttə, qeyd olunanlarda həm xarici şəraitin normallaşması amili, həm də hökumətin və dövlətin bank sektorunu 2014-2015-ci illərdə yaranan böhran nəticəsində üzləşdiyi problemlərdən xilas etməsi tədbirləri mühüm rol oynayıb. Xüsusən də, Prezident İlham Əliyevin təşəbbüsüylə 2019-cu ildə problemli kreditlər məsələsi həll olunmasaydı və banklar "süni nəfəs aparatından" ayrılmasa idilər, xarici vəziyyətin normallaşmağı az əhəmiyyət kəsb edəcəkdi.

Ümumiyyətlə, bank sektoru məhz 2019-cu ildən sonra özünə gəlməyə başladı ki, bu proses 2020-ci ildə məlum səbəbdən, yəni pandemiya şəraitinə görə ləngidi. Hətta az qaldı ki, sektorda yeni problemlər ortaya çıxsın. Yaxşı ki, keçən il pandemiya tədricən aradan qalxmağa başladı. Yoxsa, vəziyyət yenidən dalana dirənə bilərdi.

Ancaq əvvəlki şərhlərimdə də yazmışdım ki, ölkəmizdə bank sektorunu "uçuruma" salan, xəstələndirən nə 2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin ucuzlaşması faktı, nə də 2020-ci ildəki pandemiya şəraiti oldu. Pandemiya bank sektoruna tez təsir göstərə bilməzdi. Bunun üçün vaxt lazım idi. Və odur ki, ortaya əgər hansısa göstəricilərdə mənfi fəsadlar və meyllər ortaya çıxmışdısa bu, sektorun vəziyyətindən irəli gəlirdi.

Ümumiyyətlə, bizdə bank sektoru 2014-2015-ci ildən əvvəl də sağlam vəziyyətdə deyildi. Həm də sözügedən sektor elə sahə deyil ki, sağlam vəziyyətdə olduğu halda kənar və subyektiv təsirlər dərhal pis fəsadlar törətsin. Bunun üçün ortada gərək, ciddi “xəstəlik simptomları” olsun. Ölkəmizdə isə istər xarici, istərsə də daxili iqtisadi şərait pisləşən kimi bu, özünü ilk olaraq məhz bank sektorunda büruzə verir. 2015-ci ildə olduğu kimi. Çünki bizdə bank sektorunu sağlamlaşdırmağa əvvəldən ehtiyac var idi. Ləğv etmək və lisenziyanı geri almaq sağlamlaşdırma yolu deyildi və ola da bilməzdi. Banklara dəstək lazım idi.

Məsələn, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən problemli kreditlər məsələsinə müdaxilə olunmasa və bu yolla da banklar "süni nəfəs aparatından" ayrılmasalar idi, bugün heç bir müsbət vəziyyət haqda yaza bilməzdim. Bəs problemli kreditlər birdən-birə yaranmışdımı?! Xeyr. Ona görə yaranmışdı ki, banklar ölkədə hökumətin qeyri-neft sektoru inkişaf etdirmək və bu sahədən ixracı artırmaq üçün qarşıya qoyduğu vəzifələrə cavab verərək real sektoru maliyyələşdirmək əvəzinə ucdantutma istehlak krediti paylayırdılar. Başqa sözlə desəm, istehsal və biznes deyil, istehlak kreditləşdirməsi ilə məşğul idilər... Bu isə idxalı stimullaşdırırdı. Belə ki, yerli banklardan borca pul götürüb istənilən xarici istehsala məxsus məhsula pul verən vətəndaş yerli deyil, ölkədən kənar iqtisadiyyata xeyir vermiş olur. Bunu başa düşmək üçün iqtisadçı olmağa ehtiyac yoxdur.

Ona görə də xarici iqtisadi şərait pisləşən kimi ölkə iqtisadiyyatında ilk olaraq bank sektoru axsamağa başladı ki, devalvasiya baş verdi və nəticədə də banklara ödənilməl olan borclar durduğu yerə kəllə-çarxa çıxdı... Hazırda da real vəziyyət fərqli deyil. Əslində iqtisadiyyatın real sektoru maliyyələşdirilməli, kreditləşdirmə məhz bura yönəlməlidir. Başqa sözlə desəm, bank sektoru ölkədə hökumətin qarşıya qoyduğu qeyri-neft iqtisadiyyatını inkişaf etdirmək və bu sahədən ixracı artırmaq tələbləri üçün çalışmalıdır. Bunun üçün isə istehlak deyil, biznes və istehsal kreditləşdirilməsi üstünlük təşkil etməlidir. Real vəziyyətsə bundan ibarətdir ki, ölkədə fəaliyyət göstərən bankların maliyyə vəziyyətləri yaxşı olsa da kredit faizləri yüksəkdir; əmanətlər üzrə təklif olunan gəlirlilik səviyyəsi aşağı olmasa da, borc vəsaitlərinin verilməsi risk sayılır, bütövlükdə bank sektoru iqtisadiyyatın normal inkişafı və artımı sarıdan müvafiq tələblər üçün çalışmır.

Bəs, nə etməli?!

Birincisi, hesab edirəm, ilk növbədə real sektorda risk amilləri azaldılmalıdır. Bu, mühüm şərtdir. Hökumət və dövlət iqtisadiyyatda dəstək və stimullaşdırma siyasətini ardıcıl genişləndirməlidir. Gəlirlilik artmalıdır.

İkincisi, paralel olaraq ölkədə bank fəaliyyəti də asanlaşdırılmalı və sərbəstləşdirilməlidir. Bunun üçün həm mövcud hüquqi-normativ baza yenilənməli, həm də bir sıra yeni qanunlar hazırlanıb qəbul edilməlidir.
Ümumiyyətlə, sektorun idarə mexanizmi və prinsipləri dəyişməlidir.
Bank sektorunda inhisarçılığın meydana gəlməsi üçün heç bir şərait və zəmin olmamalıdır.

Üçüncüsü, banklar arasında rəqabət şəraiti yaranmalı, xarici kapitalın sektora gəlişi asanlaşdırılmalıdır. Ümumiyyətlə, bank sektoruna xarici instrumentlərin gəlişi qorxu hissi yaratmamalı, əksinə müsbət hal hesab edilməlidir.

Qısa desəm, girişdə yazdım ki, hazırda ölkədə bank sektorunun vəziyyəti həm maliyyə imkanları yaxşılaşması, həm də əhalinin inamının artması baxımından yaxşıdır. Əslində isə “bankların vəziyyəti yaxşıdır, fəqət sektorun ciddi islahata ehtiyacı var” demək daha düzgün olardı. Azərbaycan Mərkəzi Bankının yeni rəhbərliyinin tezliklə bu islahata start verəcəyinə böyük ümidlər var.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Bank  





Xəbər lenti